İDMAN SAHƏSİNDƏ HÜQUQİ XİDMƏTLƏR
Ölkənin ümumi iqtisadi inkişafına rəvac verən və fərdin təkmilləşməsinə və onun sağlam inkişafına istiqamət götürən öndər sosial sahəyə bədən tərbiyəsi və idman aiddir. Bu sahənin düzgün təşkilində mühüm yeri yetərli normativ-hüquqi tənzimləmə tutur. Azərbaycan Respublikasındakı hüquq islahatlarının surəti idman və bədən tərbiyəsi sahəsindəki ictimai münasibətlərin inkişaf surətinə çatmır və bu hal həmin sahədəki müsbət çalışmaları ləngidir. İndi gündəlikdə duran məsələlər peşəkar idmanın inkişafı və onun düzgün hüquqi tənzimlənməsidir. Aktual problemlərdən biri idman qanunvericiliyi ilə Azərbaycan Respublikasının əmək hüququ normaları arasındakı ziddiyyətdir. Məsələn, bədən tərbiyəsi-idman təşkilatları ilə idmançılar arasındakı münasibətlərin hüquqi təbiəti qeyri-müəyyən olaraq qalır; bilinmir ki, onlar mülki-hüquqi, yoxsa əmək münasibətləridir. Bütün bunlar nəinki bədən tərbiyəsi və idmanın normativ-hüquqi bazasının, həm də onun tətbiqi təcrübəsinin təkmilləşdirilməsi zərurətinə dəlalət edir. Bu zəmində yetərli normativ-hüquqi baza olmadan, beynəlxalq təcrübədən istifadə etməklə meydana çıxan əngəllikləri aşmağa köməklik edən hüquqşünasların rolu tam başadüşüləndir.
«LEGCON GROUP» büro həm peşəkar, həm də həvəskar idman sahəsində idman klublarının və müstəqil idmançıların fəaliyyətə aşağıda sadalanmış biçimdə hüquqi dəstək verməyə hazırdır:
- idman klublarının təsis edilməsi, onların fəaliyyətinin təşkili məsələləri üzrə məsləhətləşmə və həmin fəaliyyətlərinin lisenziyalaşdırılmasının hüquqi müşayiəti;
- xarici idmançıların, məşqçilərin və s. cəlb edilməsi və onlarla münasibətlərin tənzimlənməsi (icazələrin alınması və s.) məsələləri üzrə məsləhətlərin verilməsi;
- idmançılara işəgötürənlərlə (klublarla) münasibətlərinin qaydaya salınması üzrə məsləhətlərin verilməsi;
- idmançıların bir klubdan digərinə keçmələri məqsədi ilə hüquqi və faktiki hərəkətlərin icrası;
- müştərilərin maraqlarının beynəlxalq idman instansiyalarında müdafiəsi














